“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

Azərbaycan Respublikasında davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə əsaslanan inkişaf prosesini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev ötən ilin dekabr ayının 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

Strateji Yol Xəritəsi: “Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”. Strateji Yol Xəritəsində milli baxışa uyğun olaraq, prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti bildirir ki, “Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifə və funksiyaları keyfiyyətlə yerinə yetirmək məqsədilə Səhmdar Cəmiyyətin idarə aparatında, eyni zamanda, tabe müəssisələrində kadr potensialının gücləndirilməsi və ehtiyat kadr bazasının yaradılması üzrə proses həyata keçirilir. Bu işlər bir-birinə paralel gedir və bir-birini tamamlayır.

Belə ki, son illərdə reallaşdırılmış məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi sistemində yeni texnologiyalar və beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar tətbiq edilmişdir ki, bu da hər bir işçidən müvafiq nəzəri biliklər və yüksək peşə hazırlığı tələb edir.

Hazırda “Azərenerji” ASC ixtisası və bilik səviyyəsi ölkə enerji sisteminin müasir texnologiyaların tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.

Vakansiyalarla “Azərenerji” ASC-nin yeni tərtib edilmiş rəsmi saytında tanış olmaq mümkündür.