“AZƏRENERJİ” ASC-DƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

Image

“Azərenerji” ASC-də “20 Yanvar - Azərbaycan tarixinin milli qürur günüdür” mövzusunda keçirilən tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Bildirildi ki, 20 Yanvar faciəsindən iyirmi səkkiz il ötür. Azərbaycan tarixinə 20 Yanvar - müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olmuşdur.
Bu hadisə qanla yazılsa da, şanlı tarix salnaməsidir. Xalqımız bu günü böyük minnətdarlıqla qeyd edərək gələcək nəsillərə ötürülməsini təmin edir.

Qeyd edildi ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və beynəlxalq ictimaiyyətə bu hadisənin təfərrüatları çatdırıldı. Ulu öndərin gərgin səyi ilə Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və “20 Yanvar – Ümumxalq Hüzn Günü” elan olundu. “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Bununla, müqəddəs şəhidlərimizin adı əbədiləşdirildi və onların ailələri dövlətin qayğısı ilə əhatə olundu.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən bu ənənə davam etdirilir. Zati-aliləri cənab Prezidentimizin iştirakı ilə hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur və bu hadisə ilə bağlı xüsusi tədbirlər keçirilir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın imzalanması və Bakı şəhərinin “20 Yanvar” dairəsində “Şəhidlər” xatirə memorial kompleksinin açılışını etməsi bütün bunları özündə əks etdirir.

Vurğulandı ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə energetiklərimiz üçün də ağır sınaq olmuşdur. Onlar bu ərəfədə yüksək sayıqlıq göstərmişlər. İstər həmin gecə, istərsə də sonrakı günlərdə ölkə energetikləri gərgin iş rejimində işləyərək, respublikanın enerji sistemində olan çətinliklərə baxmayaraq, bütün imkanlardan istifadə etməklə, həyati vacib obyektlərin dayanıqlı enerji təminatını həyata keçirə bilmişlər. Ən başlıcası isə, insanların həyatının qorunması baxımından strateji əhəmiyyət kəsb edən Bakı Metropoliteninin və tibb müəssisələrinin fasiləsiz elektrik enerjisi təminatı xüsusi diqqətdə saxlanılmışdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə 20 Yanvar faciəsinin tarixindən, bu hadisənin müstəqilliyimizin qazanılmasındakı yerindən bəhs etdi. Bunun əsas səbəbi kimi, o dövrdə Moskvada yaşayan görkəmli dövlət xadimi Heydər Əliyev elə həmin günün səhəri – 21 yanvar tarixində İlham Əliyevlə birlikdə Azərbaycanın bu şəhərdə yerləşən nümayəndəliyinə gələrək, dünya ictimaiyyətinə baş verən, insanlığa sığmayan qanlı hadisənin siyasi məqamlarını çatdırması və hüquqi qiymət verilməsi ilə bağlı bəyanatı oldu.

Göründüyü kimi bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də 20 Yanvar – Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaqdır.

Digər çıxış edənlər də bu hadisənin Azərbaycan tarixindəki yeri və rolundan danışdılar, milli nöqteyi-nəzərdən əhəmiyyətini qeyd etdilər.