AZƏRBAYCAN İLƏ İRAN ARASINDA ELEKTRİK ENERJİSİNİN ALQI-SATQISI ÜZRƏ MÜQAVİLƏ İMZALANIB

Image

Azərbaycan Respublikasının nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. İran İslam Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.

“Azərenerji” ASC ilə İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri Araş Kordi imzalayıb.

Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı prosesinə başlanılacaq.

Bundan əlavə, görüşdə Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün 2018-ci il 26 aprel tarixində Bakıda keçirilməsi razılaşdırılıb. Eləcə də İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi bildirilib.