TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR

Image

Ölkəmizin sosial-iqtisadi tərəqqisini xarakterizə edən əsas amillərdən biri də bölgələrin davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanda regional inkişafın təməlini qoymuş, bölgələrdə iqtisadi fəallığı canlandırmışdır.  Ümumilikdə, ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir.  Belə ki, elektrik enerji sisteminin məqsədyönlü inkişafına yönəldilmiş bir sıra mühüm layihələr respublikanın digər regionları kimi Şirvanda da uğurla həyata keçirilir. Belə uğurlardan biri də ümumi gücü 780 meqavat gücündə “Cənub Elektrik Stansiyası”dır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında sözügedən stansiyada 433,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin I rübü ərzində isə bu stansiyada 1 milyard 225,3 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində stansiyanın elektrik avadanlıqlarına da baxışlar keçirilmiş və nasaslıqlar aradan qaldırılmışdır. Eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparılmışdır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğına qarşı əks-qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, bu stansiya 2013-cü ilin iyul ayının əvvəlində istismara verilib. Enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilmişdir. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.