“AZƏRBAYCAN İES”: YEKUNLAR UĞURLUDUR
Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan “Azərbaycan istilik elektrik stansiyası” (İES) ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin I rübünü də diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırıb.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, İES-də cari ilin mart ayında 736,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Həmişə olduğu kimi, cari ildə də kollektiv əzmkarlıqla çalışmış, 2015-ci ilin I rübü ərzində stansiyada 2 milyard 227,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün müəssisələrində olduğu kimi “Azərbaycan İES”in də normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq son üç ay ərzində bir enerji blokunda cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda stansiyanın digər avadanlıqlarında da müvafiq tədbirlər davam etdirilmişdir. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulmuş və hazırda bu işlərə başlanmışdır.
Sonda onu da qeyd edək ki, burada da yanğına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır. Eyni zamanda yanğına qarşı əks-qəza məşqləri keçirilir.
Xatırladaq ki, stansiyada 2014-cü il ərzində 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Stansiyada digər texniki göstəricilər də uğurlu olmuşdur.