Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib 4 yerdə isə SES-in tikintisi davam edir
Prezident İlham
Əliyevin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə
bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji”
tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara
verilib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6
meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə
“Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının
yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər
rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının
tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar”
adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi
planlaşdırılıb.
Onu da xatırladaq
ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə
3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli
ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın
qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton
olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib.
Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10
kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında
yarımstansiyanın açılışı olub.