İtaliyalı rəsmiləri Azərbycanda tikilən ən böyük elektrik stansiyasına gedib
Ötən ilin fevral ayında təməli qoyulan və gücünə görə müstəqillik dövründə
tikilən ən böyük elektrik stansiyasında işlər davam edir. Mingəçevir şəhərində
inşa edilən yeni elektrik stansiyasına artıq İtaliyanın Ansaldo Energia şirkəti
tərəfindən istehsal olunan 2 ədəd turbin və 2 ədəd generator gətirilərək yerinə
quraşdırılıb, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və
növbəti mərhələdə Azərbaycana göndəriləcək. O cümlədən stansiyanın qazan
utilizatorları da artıq xüsusi texnili vasitələrlə gətirilərək ağır tonnajlı
kranlar vasitəsilə yerində quraşdırılır.
Yeni elektrik stansiyada İtaliya istehsalı olan avadanlıqların
quraşdırılması işlərinə, texniki vəziyyətinə baxış keçirmək üçün İtalyanın
Azərbaycandakı səfiri Klaudio Taffuri və Ansaldo Energia şirkətinin prezidenti
Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevirdə olublar.
“AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakıyla qonaqlar tikinti ərazisinə,
turbin və generatorlara baxış keçiriblər. Qeyd edək ki, 1280 meqavat gücündə yeni tikilən
elektrik stansiyası ölkədə yaradılan bərpa olunan enerji mənbələrinin
enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji
istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən
kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə
malikdir və bu stansiyanın “Azərbaycan” İES-in 7 və 8-ci bloklarına inteqrasiya
edilməsi ilə ümumi güc 1880 meqavata çatdırılacaq ki, bununla da olduqca əlverişli
nəticə əldə ediləcək. Belə ki, yeni
tikilən elektrik stansiyasının util qazanlarından çıxan buxar “Azərbaycan”
İES-in 7 və 8 saylı buxar turbinlərinə verilərək bu blokların qaz yandırmadan
işləməsini təmin edəcək.
Yeni stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan”
İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla
225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard metr kub təbii
qaza qənaət ediləcək. Eyni zamanda elektrik stansiyasının faydalı iş əmsalı
55,5%-ə yüksələcək, ətraf mühitə atılan karbon qazının miqdarı 1,5 - 2 milyon
ton azalacaq. Bütün bunlar isə 2024-cü ili Yaşıl dünya naminə həmrəylik ili
elan edən Azərbaycan üçün olduqca vacib amildir.