ŞƏMKİR SES SİLSİLƏSİ AHƏNGDAR REJİMDƏ

Image

Respublikamızın enerji sistemində öz yeri olan «Şəmkir SES Silsiləsi»nin kollektivi 2014-cü ilin proqnozlarına tam əməl edib.

Silsilənin su elektrik stansiyalarında təmir-bərpa işləri «Azər­enerji» ASC-nin təsdiq etdiyi plan qrafikləri üzrə aparılıb. Şəmkir SES-də işdə olan hər birinin gücü 190 MVt-lik iki ədəd aqreqat ötən mövsümdə sel sularının qəbulu və ötürülməsini normal başa vurub. O cümlədən 2014-2015-ci illərin payız-qış mövsümü üçün nəzərdə tutulan tapşırıqlar tam şəkildə yerinə yetirilib. Həmçinin Yenikənd SES-də olan hər birinin gücü 37,5 MVt-lik dörd ədəd aqreqatda analoji proseslər həyata keçirilib.

Sözügedən energetika müəssisəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ötən il hər iki su elektrik stansiyasında profilaktik yoxlamalar aparılıb və aşkar edilən xırda qüsurlar dərhal aradan qaldırılıb. Bununla yanaşı, yanğın təhlükəsi ola biləcək iş yerləri və obyektlər diqqətdə saxlanılıb. Təlimata uyğun olaraq hər iki stansiya yanğına qarşı lazım olan ləvazimatlarla tamamilə təmin edilib. Onu da bildirək ki, 2014-cü ildə yanğın təhlükəsinə, bədbəxt hadisəyə yol verilməyib.

Avadanlıqlara texniki xidmət hər iki stansiyada baş mühəndisin təsdiq etdiyi qrafiklər üzrə, təlimata uyğun sexlərin kollektivləri tərəfindən aparılıb.

Şəmkir SES üzrə ötən il ərzində 534,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. “Yenikənd” SES-də isə 2014-cü il ərzində 236,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Ümumiyyətlə, silsilə üzrə 2014-cü ildə 770,9 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Mənbə onu da bildirdi ki, «Şəmkir SES»in kollektivi cari ilin ötən iki ayı ərzində 77 milyon 484 min kilovatsaat, o cümlədən fevral ayında  30 milyon 279 min kilovatsaata yaxın, Yenikəndlilər isə cari ilin ötən iki ayı ərzində 39 milyon 751 min kilovatsaata yaxın, o cümlədən fevral ayında  16 milyon 92 min kilovatsaat elektrik enerjisini sistemə ötürüblər. Ümumilikdə, silsilə üzrə 2015-ci  ilin ötən iki ayı ərzində 117,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub.

Onu da bildirək ki, qurğu və avadanlıqlar normal işləyir, işçi heyət tərəfindən hər iki stansiyanın fəaliyyəti nəzarətdə saxlanılır.