YENİDƏNQURMA TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
“Gəncə Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər davam etdirilir. Şəbəkədən aldığımız məlumatda bildirildi ki, aparılan tədbirlər, əsasən, yarımstansiya və elektrik verilişi xətlərini əhatə edir. Görülən işlər arasında keçən ildən start götürəni də var, cari ilin iş planına daxil ediləni də.
«Gəncə REŞ»dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, dövlət proqramının icrası istiqamətində 2014-cü ildə bir sıra işlər həyata keçirilib. 110 kV-lik yüksək gərginlikli yarımstansiyada eleqaz tipli 6 dəst açar və cərəyan transformatoru quraşdırılıb. 35 kV-lik güc transformatoru dəyişdirilib, 35 kV-lik hava xəttinin 2,7 kilometri yeraltı kabellə əvəz olunub.
Ötən il 10, 6 və 0,4 kV-lik şəbəkə üzrə cari və əsaslı təmir işləri həyata keçirilib. 10-6 kV-lik EVX-də 2,9 kilometrlik məsafədə və 290-dan artıq transformator məntəqəsində əsaslı və cari təmir işləri görülüb. 10 ədəd güc transformatoru təmir edilib. Gəncə şəhərində paylayıcı şəbəkəni SİP və koaksial kabellə tam təmin etmək üçün 20,3 km kabel xətti çəkilib. Habelə 10, 6 və 0,4 kV-lik xətlərdə 1300-dən artıq dayaq basdırılıb. 2014-cü ildə abonentlərə 1700-ə yaxın birfazlı, 190-a qədər üçfazlı yeni sayğac quraşdırılıb. Bununla yanaşı, 110/10 kV-lik «Çəngəl-bıçaq» yarımstansiyasında 3,2 MVA-lıq transformator yenisi ilə əvəz olunub. 35 kV-lik «Sənaye-Rabitə» hava xəttinin 2,7 km məsafəsi kabel xətti ilə əvəzlənib.
Şəhərin müxtəlif yarımstansiyalarından çıxan hava xətlərində yenidənqurma və təmir işləri görülüb, açıq naqillər kabel xətləri ilə əvəz edilib. Bu isə küçələrin daha müasir görkəm almasına, yaraşıqlı görünməsinə və xətlərin dayanıqlılığının artmasına səbəb olub.
Yüksək gərginlikli (330, 110 və 35 kV) EVX-də 755 ədəd izolyator, 370 metrdən artıq naqil dəyişdirilib. Müxtəlif yarımstansiyalarda yağ açarları vakuum açarları ilə əvəz olunub.
Sonda onu da qeyd edək ki, 35 kV-lik və ondan yuxarı gərginlikli EVX-lərdə və yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə sözügedən dövrdə yağtutumlu avadanlıqlara baxış keçirməklə aşkar edilmiş nasasızlıqlar aradan qaldırılmış, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmiş, eyni zamanda EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan təmizlənmişdir.