DAYANIQLIQ DAHA DA ARTIRILIR

Image

Ağstafa şəhərinin elektrik enerjisi təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ağstafa” elektrik şəbəkəsinin xidməti ərazisində  mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, rayonun elektrik təsərrüfatının dayanıqlığı daha da möhkəmləndirilir. Qeyd edək ki, ötən ilin son üç ayında şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə ötən ilin dekabr ayındakı ümumi istehlak 2013-cü ilin eyni dövründəki  istehlak ilə müqayisədə 6,2 milyon kilovatsaata yaxın artaraq 15,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə son hədlik göstəricini də nəzərəçarpacaq dərəcədə üstələyib. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 223 min kilovatsaat azdır. Hesabat dövründə ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü il ərzində isə müəssisə üzrə ümumilikdə 133,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 42,7 milyon kilovatsaatdan, ödəniş isə mütləq 43 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvbafiq dövründəki göstərici ilə müqayisədə 43 min kilovatsaat azalaraq 34 milyon kilovatsaata yaxın olmuşdur.  Ödəniş isə 2013-cü ildəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artımışdır.

Mənbədən onu da bildirdilər ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə  ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.