“ ZAQATALA EŞ”: TƏMİR İŞLƏRİ APARILIB
Mövsümə hazırlıq çərçivəsində “Zaqatala Elektrik Şəbəkəsi”ndə bir sıra mühüm işlər həyata keçirilib.
Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2014-cü ilin son üç ayı ərzində sözügedən EŞ-in xidməti ərazisində olan 10 kV-lik “S.Vurğun”, “Tala”, “Makov” və digər hava xətlərində həyata keçirilən təmir işləri xətlərin 2 kilometrdən artıq hissəsini əhatə etmişdir. 0,4 kV-lik xətlərdə də təmir işləri aparılmışdır ki, buraya Mosul, lahıc, Qandax, Muğanlı və digər bir neçə kəndin paylayıcı şəbəkəsi daxildir. Qeyd edək ki, mövsümünə hazırlıq tədbirləri çərçivəsində hava elektrik verilişi xətlərin altındakı yaşıl kütlələr təmizlənib. Bu da baş verə biləcək qəza hallarının və qısaqapanmaların qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin, şəbəkənin balansında olan bir neçə transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Mənbədən onu da bildirdilər ki, rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir. Görülən tədbirlər elektrik enerjisindən daha çox istifadə olunduğu qış aylarlnda qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına təsirsiz ötüşməyəcək. Nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza halları minimum səviyyəyə endiriləcəkdir.
Mənbəyə istinadən qeyd edək ki, 2014-cü ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 144,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 8,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 87 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində isə burada 360 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 565,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 34 min manatdan cox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, 2014-cü ilin noyabr ayında sözügedən EŞ-in xidmət ərazisində 7,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 906 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 921 min kilovatsaatdan çox artaraq 5,2 milyon kilovatsaata yaxın olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 11 ayı ərzində isə sözügedən EŞ üzrə istehlak 74,8 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2013-cü ililin müvafiq dövrü ilə müqayisədə istehlak 3,6 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 49,7 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 3,8 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır.