ZƏRURİ İŞLƏR GÖRÜLÜR
Kürdəmir Elektrik Şəbəkəsində avadanlıqların texniki istismar səviyyəsinin daha da yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılır, zəruri işlər görülür. 110 kilovoltluq “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib. Şəbəkədə bütün mühafizə sistemləri yeniləri ilə dəyişdirilib, 35 kilovoltluq “Mollakənd”, “Pirili” və “Axtaçı” yarımstansiyalarında da xeyli işlər görülüb. Eyni zamanda 10 kilovoltluq elektrik verilişi xətlərinin yeniləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Zərurət yaranan yerlərdə həm dayaqlar, həm də naqillər dəyişdirilir. 0,4 kilovoltluq xətlərdə də lazımi tədbirlər görülür. Transformator məntəqələrinin saz vəziyyətə gətirilməsi ilə yanaşı, digər tədbirlər də görülüb.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində həyata keçirilmiş tədbirlər istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərmişdir. Belə ki, 2014-cü ilin 11 ayı ərzində müəssisə üzrə ümumilikdə 125,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bununda 45 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində ümumi istehlak 8,2 milyon kilovatsaata, ödəniş isə mütləq 10 faizə yaxın artmışdır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali qrupu üzrə istehlak 4.2 milyon kilovatsaatdan çox azalmış, ödənişdə mütləq artım 3 faizə yaxın olmuşdur.
Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin noyabr ayında sözügedən EŞ-in xidməti ərazisində ümumilikdə 12.6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki istehlakdan 884 min kilovatsaat çoxdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə 42 faizə yaxın mütləq artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 6.1 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 742 min kilovatsaata yaxın artmışdır.
Yeri gəlmişkən, havaların soyuması ilə əlaqədar enerjiyə tələbatın artması nəzərə alınaraq, reydlərin keçirilməsində də intensivlik artırılıb. Belə ki, 2014-cü ilin noyabr ayında Kürdəmir EŞ-in xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 50 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları əsasən tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 119.1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7.1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində isə sözügedən müəssisə üzrə 580-dan artıq qayda pozuntusu aktı tərtib olunmuş, 1 milyon 958,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 117,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizdən çoxunun ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.