TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Digər enerji obyektlərində olduğu kimi ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş Bakı elektrik stansiyasında cari ilin 11 ayı ərzində aqreqatlara növbəti planlı istismar həddinə uyğun texniki xidmət göstərilmişdir. Stansiya işə başladığı gündən dispetçer qrafikinə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin noyabr ayında 44.3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə 419,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində  stansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümələdən iki aqreqatda aparılan əsaslı təmir işləri başa çatdırılmış, bir aqreqat əsaslı təmirə çıxarılmış, altı porşen tipli aqreqata isə növbəti istismar həddinə uyğun olaraq texniki qulluq göstərilmişdir.

Yeri gəlmişkən, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnozların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.

Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyanın elektrik avadanlıqlarına da baxışlar keçirilmiş və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri görülmüşdür.

Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Stansiyanın və maşın zalının ətrafı yağ məhsullarından və  yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, ümumi gücü  105 MVt olan bu elektrik stansiyası 12 aqreqatdan ibarətdir.