NEFTÇALA EŞ DƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Image

Digər Elektrik Şəbəkəsi (EŞ) müəssisələrində olduğu kimi “Neftçala EŞ”də müvafiq  təmir-bərpa işləri aparılmışdır. Bu enerji təsərrüfatlarında müəyyən hava elektrik verilişi xətləri və onların avadanlıqları cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib.

Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik HX-lərində müxtəlif təyinatlı təmir işləri reallaşdırılmışdır. Təmir işləri 0,4 kV-lik xətlərdən də yan ötməmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin xidməti ərazisində olan xeyli sayda transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.  TM-də də təxirəsalınmaz təmir işləri görülmüşdür. Bütün bunlarla yanaşı yenidənqurma və təmir işləri zamanı dayaqlar quraşdırılmış və dəyişdirilmişdir.

Mənbədən əldə edilən başqa bir məlumata görə, burada cari ilin 10 ayı ərzində, o cümlədən oktyabr ayında keçirilmiş reydlər zamanı bəzi istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Onu da bildirək ki, təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir. Növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin  oktyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 212 min kilovatsaatdan çox artaraq 10,6 milyon kilovatsaatdan çox  olmuşdur.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 4,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 646 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır.

Sonda onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə ümumilikdə 119,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,8 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq bir faizə yaxın  artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,9 milyon kilovatsaata yaxın artaraq 42,7 milyon kilovatsaata yaxın olmuşdur.  Ödənişdə mütləq artım isə 3 faizdən çox olmuşdur.