REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Samux” EŞ-in də xidməti ərazisində istehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə etmələrinin qarşısının alınması istiqamətində reydlər müntəzəm olaraq davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin 10 ayı ərzində sözügedən EŞ-də keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hazırda debitor borcların, o cümlədən aktlara görə yaranmış debitor borcun ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən kənarxətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
“İstehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) müvafiq təmir işləri həyata keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Onu da qeyd edək ki, təmir kampaniyası zamanı paralel olaraq TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə bir neçə transformator da təmir edilərək istifadəyə verilmişdir.
Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə ümumi istehlak 97,4 milyon kilovatsaata, o cümlədən oktyabr ayında isə 8,6 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 10 ayı ərzində ümumi istehlak 7,3 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faiz olmuşdur. O cümlədən, oktyabr ayında isə istehlak 524 min kilovatsaata yaxın artmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 10 ayı ərzində daimi əhali istehlakçıları üzrə 20,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 2,2 milyon kilovatsaat çoxdur. Ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, oktyabr ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 168 min kilovatsaatdan çox artaraq 1,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 12 faizə yaxın olmuşdur.