YARIMSTANSİYALARIN GÜCÜ ARTIRILMIŞDIR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması məqsədilə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda cari ilin son üç ayı ərzində bir sıra işlər yerinə yetirilmişdir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə “Sumqayıt” YGEŞ-in balans mənsubiyyətinə aid olan  110 kV-lik “Xəzri” yarımstansiyasında gücü 10 MVA olan 2-ci transformator quraşdırılmışdır. Eyni zamanda “Əliağa Vahid” yarımstansiyasında gücü 10 MVA olan 1 nömrəli transformator 25 MVA-lıqla, “Masazır” ayrımstansiyasında isə 1 nömrəli 25 MVA-lıq transformator gücü 40 MVA olan transformatorla əvəz edilmişdir. Bütün bunlarla yanaşı “Ceyranbatan” yarımstansiyasında yeni 110 kV-lik 2-ci bölmə işə və yeni quraşdırılmış akkumulyator qurğusu isə idarəetmə sxeminə qoşulmuşdur. Qeyd edilənlər yarımstansiyaların gücünün artırılması və təhlükəsizliyinin təmini ilə yanaşı, elektrik enerjisi verilişinin dayanıqlılığını daha da möhkəmləndirib.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə 330 kV-lik “Yaşma” yarımstansiyasında 1 və 3 saylı 200 MVA avtotransformatorlar və orada olan digrə avadanlıqlar da təmir edilmiş, boşaldıcılar dəyişdirilmiş və 220 kV-lik “Yaşma” HX-də yeni boşaldıcı quraşdırılmışdır. Eyni zamanda 110 kV-lik V və VII “Sumqayıt”, II “Siyəzən”, “Giləzi” və V “Yaşma” HX-lərinin avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, 220 kilovoltluq “Sənaye Qovşağı” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, bir neçə HX-nin yağ açarı eleqaz açarla əvəz edilmiş, qəza hadisələrini qeydə alan yeni tipli qurğu işə qoşulmuşdur.

Yeri gəlmişkən, analoji təmir işləri 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar” və digər yarımstansiyalarda da həyata keçirilmişdir. Eyni zamanda bu yarımstansiyaların  digər avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ-in xidməti ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri üzrə də müvafiq bərpa işləri icra edilmişdir.  Belə ki, 330 kV-lik 1-ci və 8-ci “Abşeron”, “Xaçmaz”, 110 kV-lik I və II “Yaşma”, “Giləzi” və digər HX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən, naqillər və ildırımötürücü troclar təmir təmir edilmiş, vant troslar dartılmış, torpaqlama konturunun müqaviməti yoxlanılmışdır. Eyni zamanda bu tədbirlər sırasına sınıq izolyatorların dəyişdirilməsi, sıradan çıxmış armaturların yeniləri ilə əvəz edilməsi və boşalmış sıxacların bərkidilməsi və s. də daxildir. Yeri gəlmişkən, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi və EVX-lərin trassası quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.