QƏBƏLƏ EŞ: GÖRÜLMÜŞ İŞLƏR ÖZ NƏTİCƏSİNİ VERİR

Image

İstehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə  xidmət etdiyimiz transformator məntəqələrində və elektrik verilişi xətlərində təmir işləri həyata keçirilir. Bütün Elektrik Şəbəkələrində (EŞ) daim olduğu kimi, “Qəbələ” EŞ-də də mövcud iqlim şəraitində elektrik enerjisi təchizatı ilə bağlı  çatışmazlıqlar qeydə alınmamışdır.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Qəbələ” EŞ-in xidməti ərazisində cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 60-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada akt tərtib edilmişdir. Akt üzrə hesabat aparılaraq 106.2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6.4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 20 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində isə sözügedən müəssisə üzrə 380-dan artıq qayda pozuntusu aşkar edilərək bir milyon 61,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 63,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 58 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və hazırda müəssisə üzrə aktlara görə qalıq debitor borcların qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Bütün bunlar həyata keçirilmiş yenidənqurma və təmir işlərinin nəticəsidir. Ən əsası isə smartkart tipli sayğacların quraşdırılmasının nəticədir” – deyən mənbə cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində görülmüş işlər barəsində də məlumat verdi.

Mənbə onu da qeyd etdi ki, cari ilin sentyabr ayında müəssisənin xidmət ərazisində 8,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,6 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 47 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min kilovatsaat artaraq 2,9 milyon kilovatsaata, ödənişdə mütləq artım isə 27 faizə yaxın olmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 9 ayı ərzində isə burada 78,6 milyon  kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 15,9 milyon kilovatsaatdan çox artmış, ödənişdə isə mütləq artım 31 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon kilovatsaata yaxın artaraq 29 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə mütləq 15 faizə yaxın artmışdır.