ŞAMAXI EŞ DƏ REYDLƏR KEÇİRİLİB

Image

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu pozuntu faktları tərəfimizdən vaxtında aşkar edilir və həmin istehlakçılara qarşı sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumata görə, cari ildə “Şamaxı” EŞ-in də xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Şamaxı şəhəri və rayonun yaşayış məntəqələrində elektrik təchizatının yaxşılaşdırılması məqsədilə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir”, – deyən mənbə onu da bildirdi ki, paylayıcı şəbəkənin müəyyən hissəsi yenidən qurulmuş və təmir edilmiş, dayaqlar düzləndirilmiş və xeyli sayda izolyator da dəyişdirilmişdir. Onu da qeyd edək ki, şəbəkədə texnoloji itkilərin azaldılması ıstiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, müxtəlif gücdə olan TM-lərdə profilaktik təmir, sınaq-ölçü işləri aparılmış və 0,4 kV-lik lövhədə kəsicilər təmir olunmuşdur.

Mənbə onu da bildirdi ki, cari ilin avqust ayında sözügedən müəssisənin xidmət ərazisində 5,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 544 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 20 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 3,3 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 36 min kilovatsaata yaxın azalmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.  Onu da qeyd  edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 3,8 milyon kilovatsaata yaxın artaraq 45,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən  ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 25,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,5 milyon kilovatsaata yaxın çoxdur. Ödənişdə mütləq artım isə 4 faizdən artıq olmuşdur.