MÖVSÜMLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HƏYATA KEÇİRİLMİŞDİR
Effektivliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, postsovet məkanında ilk dəfə olaraq generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət olan generatorların tətbiqinə başlanmışdır. Belə generasiya güclərindən olan “Bakı” elektrik stansiyasında da aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafik üzrə aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin avqust ayında 29,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə bu rəqəm 294,3 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində də stansiyada təmir işləri aparılmış, təmir qrafikinə uyğun olaraq texniki xidmət işləri aparılmışdır. O cümlədən, bir aqreqatın təmiri başa çatdırılmış, iki aqreqatda isə təmir işləri davam etdirilir. Yeri gəlmişkən, aparılan təmir işləri stansiyanın işçi heyəti tərəfindən həyata keçirilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyanın elektrik avadanlıqlarına da baxışlar keçirilmiş, aqreqatlarda qrafik üzrə texniki xidmət işləri aparılmış və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri görülmüşdür. Payız-qış mövsümü ilə əlaqədar bir sıra qabaqlayıcı tədbirlər də görülmüşdür.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Stansiyanın və maşın zalının ətrafı yağ məhsullarından və ərazi isə quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Xatırladaq ki, ümumi gücü 105 MVt olan “Bakı” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.