“AĞCABƏDİ EŞ”: TƏSİRLİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Hazırda diqqət növbəti mövsümə hazırlıqla əlaqədar tədbirlər planın nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə yönəldilib. Əsas məqsəd, hər il olduğu kimi, bu il də istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Hazırda Ağcabədi elektrik təsər­rüfatında mühüm yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Elek­trik enerjisi ilə təminatda dayanıqlığın təmin olunması məqsədilə yarımstansiyalarda, EVX-lərdə və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilir.  Eyni zamanda elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında “Ağcabədi Elektrik Şəbəkəsi”nin (EŞ)  xidməti ərazisində istehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı müxtəlif növ pozuntu hallarına rast gəlinmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.

“İstehlakçıların  elektrik enerjisi təchizatının dayanıqlığının daha da yüksəldilməsi, fasiləsizliyin təmin  edilməsi, sayğac-uçot sisteminin təkmilləşdirilməsi, habelə texniki  istismarın yaxşılaşdırılması yönündə  görülən işlər nəticədə əsas məqsədə - istehlak olunan enerjinin dəyərinin tam şəkildə ödənilməsinə şərait yaradır”, – deyən mənbə  cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX və TM-lərdə həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.

Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında 28,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, onun da 3,3 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 2,2 milyon kilovatsaatdan çox artmış, daimi əhali istehlakçılar qrupunda isə istehlak 443 min kilovatsaat artmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizdən, daimi əhali istehlakçılar qrupunda isə mütləq 9 faizdən çox artmışdır.

Sonda onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 204,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 milyon kilovatsaatdan çox artaraq 29,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır.