TƏMİR İŞLƏRİ APARILMIŞDIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə digər elektrik şəbəkələrində olduğu kimi, “Ağsu” elektrik şəbəkəsinin (EŞ) də xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Belə ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə elektrik verilişi xətlərində və transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb. O cümlədən naqillər dartılmış, dayaqlar düzləndirilmiş, HX-lərin trassası yaşıl kütlədən təmizlənmişdir. Bununla yanaşı, TM-lərin əraziləri otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, inventarların saxlanma qaydaları yoxlanılıb.
Mənbədən onu da bildirdilər ki, yenidənqurma və təmir işləri qrafikə uyğun davam etdirilir. Görülmuş və görüləcək işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin iyul ayında müəssisə üzrə 4,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 389 min kilovatsaata yaxın çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 12 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 181 min kilovatsaatdan çox artaraq 2 milyon kilovatsaata, ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon kilovatsaata yaxın artaraq 27 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 479 min kilovatsaata yaxın artaraq 14,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4 faiz olmuşdur.