LƏNKƏRAN EŞ: İSTEHLAK VƏ ÖDƏNİŞ ARTMIŞDIR

Image

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər Elektrik Şəbəkələrin­də (EŞ) olduğu kimi Lənkəran EŞ-in xidmət ərazisində cari ilin iyul ayında 13,4  milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1.1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 15 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 8.3 milyon kilovatsaatdan çox olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 453 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.

Qeyd  edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 6,6 milyon kilovatsaata yaxın artaraq, 90 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizdən çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 57,2 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 1.5 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən  ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın  artmışdır.

Mənbədən təmir işləri ilə bağlı əldə etdiyimiz məlumata görə, cari ilin son üç ayı ərzində yenidənqurma işləri ilə əlaqədar olaraq smartkart tipli sayğacların giriş xəttinə koaksial kabel çəkilmiş, mövcud 0,4 kV-lik xəttin müəyyən hissəsi isə  SİP kabel xətti ilə əvəzlənmişdir.

Onu da qeyd edək ki, sözügedən dövrdə təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir.

Sonda onu da qeyd edək ki, şəbəkədə istehlak olunan elektrik enerjisinin ödənişinin artırılması, enerjidən qeyri-qanuni istifadə və digər bu kimi neqativ halların aradan qaldırılması  məqsədilə maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Ümid olunur ki, yaxın gələcəkdə şəbəkədə müasir texnologiyaların tətbiqi genişləndirildikcə rast gəldiyimiz arzuolunmaz hallar da tədricən aradan qalxmış olacaqdır.