SALYAN EŞ: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu məqsədlə Salyan elektrik şəbəkəsinin (EŞ) də xidməti ərazisində olan EVX və TM-lərdə cari ilin 7 ayı ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və hazırda da davam etdirilir.

Mənbə onu da bildirdi ki, Salyan EŞ üzrə  cari ilin iyul ayında 25,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 920 min kilovatsaat çoxdur. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 8 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 5,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 267 min kilovatsaat azdır. Ödəniş isə ötən  ilin müvafiq dövrü ilə müqayisədə mütləq 3 faizə yaxın çoxdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 ayı ərzində 184,7 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 14,4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə12 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 45.4 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3.7  milyon kilovatsaata yaxın azdır.

Mənbədən əldə edilən digər bir məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Ödənişin təmin edilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş və yanğın törədə biləcək tullantılardan tamamilə təmizlənmişdir