YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Qobustan Elektrik Şəbəkəsinin kollektivi ötən ildə olduğu kimi cari ildə də əsas diqqəti təmir-bərpa işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəldib. İstismar səviyyəsinin yüksəldilməsi və mövsümün uğurla başa vurulması üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında da şəbəkənin balans mənsubiyyətinə aid 10 kV-lik elektrik verilişi xətlərində yenidənqurma və təmir işləri aparılıb. Bu proses 0,4 kV-lik EVX-də də həyata keçirilib. Eyni zamanda transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Qeyd edək ki, elektrik şəbəkəsində texniki iqtisadi göstəricilərin səviyyəsini yüksəltmək məqsədilə, daha doğrusu itkilərin minimum səviyyəyə düşməsi, qeyri-qanuni müdaxilələrin qarşısının alınması, dayanıqlığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. SİP kabellərin çəkilməsi işləri də uğurla davam etdirilib. Paralel olaraq sayğacların baxış üçün maneəsiz yerdə quraşdırılması istiqamətində də işlər aparılmışdır.
Mənbə onu da bildirdi ki, cari ilin iyul ayında Qobustan EŞ-in xidmət ərazisində 1,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 309 min kilovatsaata yaxın, ödəniş isə mütləq 22 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 min kilovatsaatdan çox azalaraq 941 min kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 12.2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,4 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 17 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 184 min kilovatsaatdan çox azalaraq 7,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.