DAYANIQLIĞIN YÜKSƏLDİLMƏSİ VACİBDİR

Image

Naftalan Elektrik Şəbəkəsinin (EŞ) kollektivi payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planının icrasına hələ yaz aylarından başlayıb. Ötən müddət ərzində görülmüş işlər istehlakçıların elektrik enerjisi ilə daha da dayanıqlı təchizatını təmin etməyə imkan yaradır. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər hazırda da davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügüdən şəbəkə üzrə mövsümə hazırlıq tədbirləri çərçivəsində xeyli iş görülüb. Zərurət yaranan ərazilərdə transformatorlar dəyişdirilib. O cümlədən, transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə elektrik verilişi xətlərində naqillərin təzələnməsi və təmiri də görülən işlər sırasındadır.

Mənbədən onu da bildirdilər ki, Naftalan EŞ-in xidməti ərazisində cari ilin iyul ayında ümumilikdə 1,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 193 min kilovatsaata yaxın artmış, ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 22,3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 294 min kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə təxminən eynidir.

Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində burada ümumilikdə 8,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,4 milyon kilovatsaata, ümumi ödəniş isə mütləq 16 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 2,1 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 142 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır.

Sonda onu da qeyd edək ki, digər şəbəkələrdə olduğu kimi, burada da elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Lakin belə halların aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür.