STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri, Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” elektrik stansiyasında (ES) əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən illərdə olduğu kimi, cari ilin ötən 7 ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən stansiyada cari ilin iyul ayında 168,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Cari ilin ötən 7 ayı ərzində isə bu rəqəm 1 milyard 288,6 milyon kilovatsaat təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.

Digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq nasoslara baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri də keçirilir. Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsinin artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmışdır.

Xatırladaq ki, "Şimal" ES-in İnkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında artıq müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. Hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.