ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
“Neftçala Elektrik Şəbəkəsi”nin kollektivi həmişə olduğu kimi, cari ilin 6 ayı ərzində də rayon istehlakçılarına daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlər planını əsasən həyata keçirmişlər.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ildə də şəbəkənin istismar sahələrindəki transformator məntəqələrində və paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri həyata keçirmişlər.
Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində də həyata keçirilmiş tədbirlər, istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərmişdir. Belə ki, cari ilin iyun ayında müəssisə üzrə ümumilikdə 11,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 3,2 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. Yeri gəlmişkən, ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə ümumi istehlak 476 min kilovatsaata yaxın, o cümlədən daimi əhali qrupu üzrə isə 411 min kilovatsaatdan çox artmışdır. Görülmüş tədbirlər nəticəsində cari ilin iyun ayında ümumi ödəniş 2013-cü illə müqayisədə mütləq 18 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə bu göstərici 6 faizə yaxın olmuşdur.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində burada ümumilikdə 73,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4 milyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon kilovatsaata yaxın artaraq 27,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır.