PEŞƏKARLIĞIN ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə digər elektrik şəbəkələrində olduğu kimi, Şəki rayonunda da görülən işlərin həcmi xeyli genişləndirilib. Bu haqda “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Belə ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə elektrik verilişi xətlərində və yarımstansiyalarda yenidənqurma, əsaslı və cari təmir işləri aparılıb. Bununla yanaşı, yarımstansiyaların əraziləri otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yoxlanılıb. Qeyd edək ki, hazırda mövsümlə əlaqədar tədbirlər planı davam etdirilir: dayaqlar yenilənir, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir olunur. Onu da qeyd etmək yerinə düşərdi ki, son dövrlər Şəki şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işləri çərçivəsində mövcud elektrik şəbəkəsi də yenilənir. Mənbə onu da bildirdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Aşkar olunan faktlar üzrə akt tərtib olunur. Görülən tədbirlər nəticəsində elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 35-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 75,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 47 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində isə burada 460-a yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 555,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 33,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən qeyd edək ki, müəssisə üzrə cari ilin may ayında ümumilikdə 10,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 63 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 11 min kilovatsaatdan çox artmışdır. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyon kilovatsaatdan çox artaraq 57,9 milyon kilovatsaatdan artıq olmuşdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 31,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilobatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 4 faizdən çox olmuşdur.
Sonda onu da qeyd edək ki, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu məqsədlə mütəmadi olaraq təlimatlandırılırlar.