DAYANIQLIĞA MÖHKƏM ZƏMİN YARADILIR
“Astara Elektrik Şəbəkəsi”ndə elektrik enerjisinin daha da dayanıqlı ötürülməsini və paylanmasını təmin etmək üçün nəzərdə tutulan texniki tədbirləri uğurla yerinə yetirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik şəbəkələrdə, eyni zamanda tranformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və hazırda davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, burada cari ilin ötən 5 ayı ərzində keçirilmiş reydlər zamanı elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir. Belə ki, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 153,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin may ayında keçirilmiş reydlər zamanı isə 2 qayda pozuntusu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 2,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 160 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, müəssisə üzrə cari ilin may ayında 4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 372 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 2,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 289 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizə yaxın çoxdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində isə 22,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,7 mln. kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 15,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,6 milyon kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olmuşdur.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmiş, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir. Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.