“HACIQABUL EŞ”də YENİDƏNQURMA VƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARILMIŞDIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Hacıqabul Elektrik Şəbəkəsi”nin xidməti ərazisində olan paylayıcı şəbəkələrdə də cari ilin son üç ayında müvafiq yenidənqurma və təmir-bərpa işləri aparılmışdır. Belə ki, müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib. Qeyd edək ki, təmir işləri müəsissənin balans mənsubiyyətinə aid olan TM və KTM-lərdən yan keçməmişdir. Belə ki, həmin bu dövrdə sözügedən enerji obyektlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, eyni zamanda enerji haqlarının ödənilməsində, eyni zamanda enerjidən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə cari ilin 5 ayı ərzində, o cümlədən may ayında istehlak edilmiş elektrik enerjisi və ödənişi barəsində də danışdı. Belə ki, cari ilin may ayında 108 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 477,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 28,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 28 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 5 ayı ərzində isə burada 450-dən artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 1 milyon 783,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 107 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən qeyd edək ki, müəssisə üzrə cari ilin may ayında ümumilikdə 11 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,4 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 25 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 579 min kilovatsaat azalmış, ödənişdə mütləq artım 9 faiz olmuşdur. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 milyon kilovatsaatdan çox artaraq 55,9 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 26 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 19,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,9 milyon kilobatsaatdan çox azalmış, ödənişdə mütləq artım isə 7 faizdən artıq olmuşdur.