“SUMQAYIT ES”: REAL İŞLƏRİN NƏTİCƏSİ

Image

Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir.  Belə ki, elektrik enerji sisteminin davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm dövlət proqramları respublikanın digər regionları kimi ikinci sənaye şəhəri olan Sumqayıtda da uğurla həyata keçirilir. O cümlədən, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyası da iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiya ötən dövrlərdə olduğu kimi, cari ilin 4 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərmiş və 581,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.

Onu da qeyd etymək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Xatırladaq ki, bu stansiya 2009-cu ilin noyabr ayında istismara verilmişdir. Burada hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmışdır.