ŞƏBƏKƏLƏRDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ DAHA DA YAXŞILAŞDIRILIB

Image

“Azərenerji”nin bütün strukturlarında olduğu  kimi, “Qobustan” elektrik şəbəkəsində  (EŞ) də istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması  məqsədilə son üç ay ərzində EŞ-nin xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) uğurlu  yenidənqurma və təmir-bərpa işləri həyata keçirilmişdir.

“Qobustan EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində həyata keçirilən yenidənqurma və təmir işləri sırasına 10 və 0,4 kV-lik “Şəhər”, “Nabur”, “Cəyirli” və digər  hava elektrik xətləri daxildir.  Mənbənin bildirdiyinə görə, burada dayanıqlığın daha da möhkəmləndirilməsi üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb. Burada aparılan yenidənqurma işlərinə yeni SİP kabellərinin quraşdırılması və təmiri də daxildir. Ümumilikdə, sözügedən dövrdə müəssisənin xidməti ərazisində 2,5 kilometrdən artıq SİP kabel xətti çəkilmiş, 2,3 kilometrə yaxın xətt dəyişdirilmiş, və 170-dən artıq sayğac quraşdırılmışdır. EŞ-dən bildirildiyinə görə, buradakı təmir işlərinə həm də transformator yağlarının əlavə edilməsi, ayrıcıların dəyişdirilməsi də daxildir. Ümumilikdə, sözügedən dövrdə balans mənsubuyyətinə aid olan 10-dan artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata leçirilmişdir. Sonda onu da qeyd edək ki, təmir-bərpa işləri davamlı olaraq yerinə yetirilir və istehlakçılar enerji təchizatı sarıdan heç bir problemlə üzləşmirlər. Müəssisədən bildirdilər ki, enerji daşıyıcıların fəaliyyətinin yüksək səviyyədə davamlılığı məqsədilə atılan addımlar ənənəvi olaraq davam etdirilir ki, bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 54 istehlakçının (bunun 53-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 25,2 min kilovatsaata yaxın (bunun 24,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,5 min manartdan artıq istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 83  (bunun 80-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 71,6 min kilovatsaata yaxın (bunun 70,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da qeyd etdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 1,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 148 min kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 12 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 min kilovatsaata yaxın azalaraq 1,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin I rübü ərzində isə burada 5,6 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 455 min kilovatsaata, ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə  202 min kilovatsaatdan çox azalaraq 3,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 2,4 faiz olmuşdur.