TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Ölkəmizin sosial-iqtisadi tərəqqisini xarakterizə edən əsas amillərdən biri də bölgələrin davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanda regional inkişafın təməlini qoymuş, bölgələrdə iqtisadi fəallığı canlandırmışdır. Ümumilikdə, ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin işinə də müsbət təsir göstərmişdir. Belə ki, elektrik enerji sisteminin davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm layihələr respublikanın digər regionları kimi Şirvanda da uğurla həyata keçirilir. Belə uğurlardan biri də ötən il istismara verilmiş, ümumi gücü 780 meqavat gücündə olan “Cənub Elektrik Stansiyası”dır.
Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında stansiyada 434,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin I rübü ərzində bu rəqəm 1 milyard 213,3 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğına qarşı əks-qəza məşqi də keçirilmişdir.
Xatırladaq ki, bu stansiya ötən ilin iyul ayının əvvəlində istismara verilib. Enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilmişdir. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.