YÜKSƏK KEYFİYYƏT UĞRUNDA
Ötən illərdə olduğu kimi bu qış aylarında da yüksək dağlıq relyefə malik Balakən rayonu ərazisində elektrik enerjisi təminatında heç bir ciddi problem yaşanmamışdır. Hazırda rayon elektrik şəbəkəsində yay mövsümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər planının icrasına başlanılmışdır.
“Balakən Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, cari ilin İ rübü ərzində 10 kV-lik “Sənaye”, “Konserv”, “Dəmir yolu” və digər elektrik verilişi xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri çərçıvısindı həmin bu xətlərin 2,3 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə Balakən şəhəri və rayonun Hənifə, İtitala, Püştətala kəndlərində 0,4 kV-lik elektrik verilişi xətlərinin isə bir kilometrə yaxın hissəsi əsaslı təmir edilmişdir.
Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədilə 55 transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir.
2014-cü ilin mart ayında müəssisə üzrə 3,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 60 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizdən çox artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,3 milyon kilovatsaata və 76 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə isə mütləq artım 7 faizə yaxındır. Yeri gəlmişkən, cari ilin I rübü ərzində isə müəssisənin xidməti ərazisində 11,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 7,3 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 383 min kilovatsaatdan çox, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 250 min kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçıların sayğac-uçot komplektinə baxış keçirilən zaman aşkar edilən qayda pozuntularına görə, cari ilin mart ayında 45 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 32,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 83 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin I rübü ərzində isə burada 100-dən artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 85,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Onlar texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.