DAYANIQLIĞA MÖHKƏM ZƏMİN YARADILIR

Image

“Lerik Elektrik Şəbəkəsi”ndə elektrik enerjisinin daha da dayanıqlı ötürülməsini  və paylanmasını təmin etmək üçün nəzərdə tutulan texniki tədbirləri uğurla yerinə yetirilir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik şəbəkələrdə, eyni zamanda tranformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Belə ki, yenidənqurma işləri çərçivəsində smartkart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə 120 metrdən artıq koaksial kabel çəkilmiş, 0,4 kV-lik xətlərin 750 metrində isə əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda 10 kV-lik xətlərin 4,8 kilometrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və iki ayrıcı quraşdırılmışdır. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərdə ümumilikdə 120-dən artıq dayaq yenisi ilə əvəzlənmişdir. Qeyd edək ki, həmin bu dövrdə 7 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və hazırda da davam etdirilir”,- deyən mənbə onu da bildirdi ki, burada cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 2 qayda pozuntusu faktı aşkar edilərək 8,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 510 manatlıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 44 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qayda pozuntularının təsnifatına və istehlakçı qrupun gəldikdə isə, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin mart ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 171 min kilovatsaata yaxın artaraq 1,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 13 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 890 min kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 15 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. Onu da qeyd edək ki, cari ilin I rübü ərzində müəssisə üzrə ümumilikdə 4,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 603 min kilovatsaatdan çox, ödəniş isə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 2,9 milyon kilovatsaata və 181 min kilovatsaata yaxın olmuşdur.  Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 1,5 faiz artmışdır.