“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə digər enerji obyektlərində olduğu kimi “Mingəçevir regional elektrik şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərindəki yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilir, o cümlədən itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan I və II “Abşeron”, I, II və VI “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir. Bu hava xətlərinin metal aralıq dayaqları xətt işçiləri tərəfindən mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır.
Müəssisədən cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində “Azərenerji”ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.
Mənbənin bildirdiyinə görə, sözügedən dövrdə 500 kV-lik II “Abşeron” EVX-də iki dayaqda xətt təmir olunmuş, 1 saylı dayaqdan 472 saylı dayağa kimi vant trosun “U” şəkilli boltlarının möhkəmliyi yoxlanılmış və xəttə baxış keçirilərək trassası yaşıl kütlədən təmizlənmişdir. Analoji təmir işləri 330 kV-lik I “Abşeron” HX-də də həyata keçirilmişdir. Eyni zamanda 35 kV-lik “Canavarlı” HX-də bir ədəd metal dayaq quraşdırılmışdır.
Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik II “Gəncə”, I-II “Yevlax”, I “Ucar”, 220 kV-lik I-II “Mingəçevir”, “Qəbələ”, 330 kV-lik III-V və VI “Mingəçevir”, 500 kV-lik I “Samux” HX-lərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, EVX-lərin ümumilikdə 11 km-ə yaxını əsaslı və cari təmir olunmuşdur.
Mənbə onu da bildirdi ki, 35 kV-lik “Bığır” yarımstansiyasında bir ədəd giriş yağ açarı quraşdırılıb. Yenidənqurma işləri ilə əlaqədar olaraq I “Kənd” HX-də yağ açarı vakuum tipli aşarla əvəzlənmiş, cari ildə istismara verilməsi nəzərdə tutulan “Göyçay-1” kiçik su elektrik stansiyası (KSES) ilə əlaqə yaratmaq məqsədilə isə burada bir ədəd yeni 10 kV-lik vakuum açarı da quraşdırılmışdır.
Yeri gəlmişkən, hazırda müəssisənin xidməti ərazisində olan 110 kV-lik “Bərdə” yarımstansiyasında da eyni gərginlikli eleqaz açarların quraşdırılması işləri davam etdirilir. Bütün bunlarla yanaşı sözügedən dövrdə 220 kV-lik “Ağsu” və 110 kV-lik “Ucar” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Digər təmir işlərindən məlumat verən mənbə xətt və yarımstansiyaların texniki istismar vəziyyətini yüksəltməklə yanaşı, 35 kV-lik və ondan yuxarı gərginlikli yarımstansiyalarda ümumilikdə 20 transformatorun və 30-a yaxın müxtəlif tipli yağ açarının əsaslı və cari təmir olunduğunu da bildirdi.
Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.