“SUMQAYIT YGEŞ”: YENİDƏNQURMA İŞLƏRİ APARILIR
“Bütün elektrik energetika müəssisələrində olduğu kimi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin əmək kollektivi də istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı tərk edirik. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksəkgərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir. Ötən illərdə olduğu kimi, son üç ayda da görülmüş işlərimiz təqdirəlayiqdir.
Bu barədə sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda qeyd olunur.
Cari ilini son üç ayı ərzində 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasının elektrik avadanlıqlarında cari təmir işləri aparılmış, eyni zamanda 220 kV-lik “Yeni Zabrat” və 110 kV-lik II “Sənaye Qovşağı” HX üçün eleqaz açarlar quraşdırılmışdır. Eyni zamanda 330 kV-lik “Yaşma” yarımstansiyasında da təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan "Yaşma" yarımstansiyasında müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması, sistemdə enerjinin ötürülməsinin dayanıqlığının daha da artmasına müsbət təsirini göstərir.
Mənbədən daxil olan digər məlumatda bildirlir ki, 110 kV-luq “135 saylı” yarımstansiyada 2 saylı 40 MVA transformator yeni 6 kV-lik qapalı paylayıcı quruluşa (QPQ) qoşulmuşdur. Eyni zamanda sözügedən dövrdə 110 kV-lik “Sumqayıt-3” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən VII və VIII “Sumqayıt” HX-ləri kabel xətti ilə əvəz edilmişdir.
Bütün bunlarla yanaşı, hesabat dövründə 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar”, “Sitalçay”, “Ceyranbatan”, “Gorədil”, “Şamaxı”, “Masazır” və digər yarımstansiyalarda da transformatorlar və onun avadanlıqlarında təmir işləri görülmüşdür.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə
daxil olan EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə
aradan qaldırılır. 550 kV-lik II “Abşeron”, 330 kV-lik I, VIII “Abşeron”, “Xaçmaz”, 220 kV-lik “Yaşma”, VII “Abşeron”, 110 kV-lik II, VII “Sumqayıt” və digər hava elektrik verilişi xətləri bu
qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması
məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri işləri yerinə yetirilmişdir.