“YEVLAX EŞ”: QAYDA POZULMASININ QARŞISI ALINIR

Image

Bütün Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Yevlax” elektrik şəbəkəsində də (EŞ) elektrik enerjisindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin mart ayında keçirilmiş reydlər zamanı 36 istehlakçının (bunun 34-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 248,7 min  kilovatsaatdan artıq (bunun 139,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 14,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə 112 qayda pozuntusu (bunun 103-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 719,9 min kilovatsaata yaxın (bunun 532,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 43,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdi. Hesabat dövründə həmin bu məbləğin 79 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisə üzrə 11,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 92 min kilovatsaata yaxın azdır. İstehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 11 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 234 min kilovatsaata yaxın azalaraq 3,8 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji haqqının ödənişində mütləq artım 4 faizdən artıq olmuşdur.

Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə 34,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 71 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 2,7 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 822 min kilovatsaata yaxın azalaraq 12,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 10.4 faiz olmuşdur.

“Ötən ildə xidməti ərazimizdə olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda da qrafikə uyğun davam etdirilir”, – deyən mənbə son üç ay ərzində görülmüş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 10 və 0,4 kV-lik xətlərin 1,3 km-dən artıq hissəsində əsaslı təmir işləri görülmüş, 9 dayaq yenisi ilə əvəz edilmiş və 9 travers quraşdırılmışdır. Eyni zamanda sayğacların baxış üçün maneəsiz yerə çıxarılması ilə bağlı ümumilikdə 745 metrə yaxın kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 7 TM-də əsaslı və cari təmir işləri aparılmış, bir transformator isə əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.