“XAÇMAZ ES”: TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR

Image

Ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyəti böyükdür. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin mart ayında 15,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.  Qeyd edək ki, cari ilin I rübü ərzində isə burada 70,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi cari ilin iki ayı ərzində digər texniki göstəricilər üzrə də müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata uyğun növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda 11 kV-lik gərginlik və cərəyan transformatorlarında və sözügedən gərginlikli kabellərdə qrafik üzrə sınaq işləri aparılmışdır. Bunlardan başqa stansiyada bütün elektrik mühərriklərinin izolyasiya müqavimətləri mütəmadi ölçülür və eyni zamanda yüksək gərginlikli avadanlıqlarda təlimata uyğun sınaq işləri aparılır.

Onu da qeyd edək ki, əməliyyat heyyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsini artırmaq məqsədilə bütün növ təlimatlar, o cümlədən bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir.

Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin borularının istilik izolyasiyası təmir edilmişdir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Xaçmaz” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.