REYDLƏR DAVAM ETDİRİLİR
Salyan rayon elektrik şəbəkəsi ümumilikdə 30 mindən çox istehlakçıya xidmət edir. İstehlakçılar əsasən sayğacla təmin edilib ki, bu da enerji istehlakının uçotunu dəqiq aparmağa imkan verir. Kollektivdəki möhkəm nizam-intizam uğurların əldə edilməsində mühüm amilidir. İstehlakçılara bildirişlər vaxtında paylanır, ödənişlər gecikdirən istehlakçılara qarşı mövcud qaydalara uyğun tədbirlər görülür.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 22,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 397,4 min kilovatsaat azdır. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 8,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 5 faizdən çox olmuşdur.
Qeyd edək ki, cari ilin 2 ayı ərzində müəssisə üzrə istehlak 45,8 milyon kilovatsaatdan artıq olmuşdur. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4.5 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 13 faiz artaraq 18,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 9,3 faiz artmışdır.
“Şəbəkə əməkdaşlarının keçirdikləri reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması halları aşkarlanır, itirilmiş enerjinin istehlak dəyəri bərpa edilir, onun ödənilməsinə nail olunur”, – deyən mənbə onu da bildirdi ki, cari ilin iki ayı ərzində müəssisə üzrə 360-dan artıq qayda pozuntusu aşkar edilərək 2 milyon 132,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 128 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 15 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Yeri gəlmişkən, cari ilin fevral ayında istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 170-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 50,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 63 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 18 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da bildirilir ki, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik xətlərin 5 km-dən artıq hissəsində təmir işləri aparılmışdır. Eyni zamanda 40 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 4 MVA-dan artıq olan 8 transformator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.