ENERJİ TƏCHİZATI DAHA DA YAXŞILAŞDIRILIR
Aqrar bölgə olmasına baxmayaraq, Xaçmaz rayonunun ərazisində bir sıra iri enerjitutumlu sənaye obyektləri fəaliyyət göstərir. “Xaçmaz Elektrik Şəbəkəsi”nin kollektivi tələbatçıları keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il ərzində elektrik verilişi xətlərində və transformator məntəqələrində bir sıra əsaslı və cari təmir işləri görülüb. Belə ki, 10 kV-lik elektrik verilişi xətlərində 4,4 kilometrdən artıq naqil daha keyfiyyətlisi ilə dəyişdirilib. Ümumi xətlərin 170 km-lik hissəsində təmir işləri görülüb. Həmin 10 kV-lik elektrik verilişi xətlərində 154 ədəd dayaq yeni dəmir və dəmir-beton dayaqlarla dəyişdirilib. Eyni zamanda rayon ərazisində yeni tikilmiş yaşayış evlərinə 1070-dən çox sayğac quraşdırılıb və 4,7 kilometrə yaxın kabel çəkilib. 10 kV-lik “Telestudiya”, “Park” və “Nizova”, “Gəncəli”, “II Şəhər” hava xətləri üzrə zərurət yaranan yerlərdə dayaqlararası naqillər kabel xətləri ilə əvəz edilib.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində 10 kV-lik “Nizova”, “Çarxı” hava EVX-nin magistral hissəsində 22 ədəd dayaq təzələnib, 4 kilometr naqil yenisi ilə əvəz olunub.