GÖRÜLMÜŞ İŞLƏR MÜSBƏT NƏTİCƏ VERİR

Image

“Arxada qalan bayram günləri ərzində digər günlərlə müqayisədə sərfiyyatın daha çox olmasına baxmayaraq, rayonun elektrik enerjisi təchizatında ciddi problemlər müşahidə olunmayıb. Küləkli hava səbəbindən bəzi fiderlər üzrə qəzalar və məcburi açılma halları baş versə də qısa müddət ərzində istismar heyətinin operativ müdaxiləsi nəticəsində problem aradan qaldırılıb. Ümumiyyətlə, xidməti ərazidə olan tələbatçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün bütün qüvvələr səfərbər olunub”.  Bu barədə  “Quba Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, əldə olunan uğurlar əsasən keçən il ərzində və bu ilin əvvəlindən elektrik təsərrüfatında görülmüş işlərin müsbət nəticəsi kimi dəyərləndirilməlidir. Belə ki, 110/35/10 kilovoltluq “Quba” yarımstansiyasındakı transformatorlarda yoxlama-sınaq işləri aparılıb, ayırıcılar təmir edilib, 10 kV-lik yağ açarlarında cari təmir işləri reallaşdırılıb. 35/10 və 35/6 kV-lik yarımstansiyaların elektrik avadanlıqlarında da analoji tədbirlər görülüb. Həmçinin, bütün 110 və 35 kV-lik hava xətlərinin trassası üzrə ağaclar budanıb, qabaritlər ölçülüb. Paralel olaraq, 35 kV-lik “Qonaqkənd”, “Kanal”, “Nasos” və “Nügədi” yarımstansiyalarında cari təmir işləri aparılıb. 10-6-0,4 kV-lik paylayıcı elektrik şəbəkəsinin elektrik verilişi xətlərində (EVX) cari təmir işləri görülüb, naqil, dayaq və izolyatorlar dəyişdirilib. Konkret olaraq 6-10 kV-lik elektrik verilişi  xətləri üzrə  146 ədəd, 0,4 kV-lik EVX-lər üzrə isə 50 ədəd dayaq yenisi ilə əvəz edilib.

Mənbəyə istinadən qeyd edək ki, bütün transformator məntəqələrində avadanlıqlara baxış keçirilərək yağın səviyyəsi yoxlanılıb, transformator yağı əlavə edilib. 200-dən çox transformator məntəqəsində, 500 kilometrə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılıb, əyilmiş dayaqlar düzləndirilib, naqillər tarımlanıb, budama işləri aparılıb.

Qeyd olunanlarla paralel olaraq, uzun müddət istismarda olan artıq yüklənmə rejimində işləyən güc transformatoru da yenilənib. Müvafiq proses rayonun İspik, Susay, Küsnət, Paşaoba, Qəç­rəş, Qələdüz, Hacıqayıb və Ha­put kəndlərində həyata keçirilib.

Ümumilikdə isə bu il ərzində şəbəkədə həyata keçiriləcək tədbirlərin siyahısı zəngindir. Görü­lən işlər, şübhəsiz ki, şəbəkə üzrə dayanıqlığın təmin olunmasına əhəmiyyətli təsir göstərəcək.