TƏMİR QRAFİKİNƏ ƏMƏL EDİLİR
Əvvəlki illərdə olduğu kimi, keçən il də Qusar rayonunun sosial-iqtisadi inkişafında ciddi irəliləyiş müşahidə olunub. Rayonun elektrik enerjisi təchizatınının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Aladaş kəndi ərazisindəki 110 kilovoltluq “Şahdağ Turizm Kompleksi” yarımstansiyası, Urva kəndində “Qusar-1” kiçik su elektrik stansiyası istismara verilib.
“Qusar Elektrik Şəbəkəsi”nin balans mənsubiyyətinə aid olan subyektlərin gücləndirilməsi və istehlakçıların elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması məqsədilə bir sıra təmir və quraşdırma işlərinin icrasına nail olunub.
Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, 110 kV-lik «Qusar» yarımstansiyasında muasir tipli 2 eleqaz açarı və cərəyan transformatorları quraşdırılıb. 10 kV-lik 2 ədəd vakuum tipli yeni açar quraşdırılaraq istismara verilib. Həmçinin 35 kV-lik «Əcəxur» yarmıstansiyasında 1 ədəd yağ açarı vakuum tipli yeni açarla əvəz edilib və 1 ədəd yağ açarı əsaslı təmir olunub. Eyni zamanda, sözügedən gərginlikli yarımstansiyaların transformatorlarında təmir işləri aparılıb.
Qeyd edək ki, təmir qrafikinə əsasən, 10-6-0,4 kV-lik hava xətlərində təmir işləri görülüb. Həmin xətlərdə 78 km sallanmış naqillər dartılıb, 180 dayaq düzləndirilib, 165 ədəd dayaq təmir edilib. 0,4 kV-lik şəbəkələrdə itkinin azaldılması məqsədilə şəhərin “Aerodrom” yaşayış massivində gücü 160 kVA olan yeni KTM quraşdırlıb, abonentlər tərəfindən çəkilmiş qeyri standart 1200 metr yararsız naqil kabellə əvəz edilib.
Mənbə onu da bildirdi ki, şəhərin Piroğlanov küçəsində yerləşən 250 kV-lik KTM-də transformator yenisi ilə dəyişdirilib. Eləcə də güc artımı ilə əlaqədar Xüral kəndində 40 kVA transformator 100 kVA-lıqla, K/Xudat və Yeni Həyat kəndlərində də transformatorlar yenisi ilə əvəz edilib. Transformatorların səmərəli istifadə edilməsi və yük mərkəzinin vahid mərkəzə köçürülməsi məqsədilə Ukur kəndində 2 ədəd 100 kVA transformator 1 ədəd 250 kVA-lıqla dəyişdirilib. Bundan başqa, 245 abonentin sayğacı xüsusi qutularda baxış üçün maneəsiz yerə çıxarılıb, sayğaca giriş xətti zədəli olan 170 abonentin giriş xətti dəyişdirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin yanvar ayında 35 kV-lik “Cağar” yarımstansiyasında 1 ədəd vakuum açarı quraşdırılaraq istismara verilib. 10-6 kV-lik hava elektrik verilişi xəttində 1 ədəd ağac anker dayaq yeni dəmir anker dayaqla əvəz edilib, 10 ədəd ağac dayaq təmir olunub. 110-35-10-6-0,4 kV-lik hava elektrik verilişi xətləri boyunca yerləşən ağaclarda budama işləri aparılır.
Şəbəkədən onu da bildirdilər ki, şəbəkənin kollektivi qarşılarında duran vəzifələrin əhəmiyyətini layiqincə dərk edir və bundan sonra da tələbatçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün səylərini əsirgəməyəcəklər.