İŞLƏR UĞURLA DAVAM EDİR
Səmərəliliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, Dövlət başçımızın diqqət və qayğısı sayəsində elektrik enerji sisteminin respublika iqtisadiyyatının sürətli inkişafının qabaqlamasını təmin etmək məqsədilə postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Astara” elektrik stansiyasıdır.
Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində müəssisə kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Mənbəyə istinadən qeyd edək ki, bütün enerji obyektlərində olduğu kimi, burada da mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işləri yerinə yetirilib. Bütün avadanlıqlar yoxlanılmış, mühafizələr qaydaya salınmışdır. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür.
Onu da qeyd edək ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində yeddi aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri həyata keçirilmişdir. Eyni zamanda üç aqreqatda isə müxtəlif təyinatlı təmir işləri yerinə yetirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Elektrik stansiyasından daxil olan məlumatda enerjisinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, cari ilin fevral ayında burada 23,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Ötən iki ay ərzində isə enerji obyektində 49,7 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə müsbət nailiyyətlər əldə edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda yeni alınmış köpük generatoru işlək vəziyyətə gətirilmiş, stansiyanın ərazisində işlənmiş yağların saxlanılması üçün örtülü talvar da inşa olunmuşdur. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.