MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
“Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin tərkibində əaliyyət göstərən “Tərtər” elektrik şəbəkəsində bu ilin ilk aylarında bir sıra texniki yeniliklər həyata keçirilib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, cəbhəyanı ərazi olan Tərtərdə elektrik enerji təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması məqsədilə bütün yarımstansiya və transformator məntəqələrində zəruri təmir işləri aparılır. İstehlakçıların sayğac-uçot komplektləri müntəzəm yoxlanılır, aşkar edilən qüsur və nöqsanlar operativ surətdə aradan qaldırılır.
Mənbəyə istinadən qeyd edək ki, “Tərtər”, “İsmayılbəyli”, “Sarıcalı” və “Dəmirlər” yarımstansiyalarındakı 35 kilovoltluq yağ açarları təmir edilib və yeni yağ açarları quraşdırılıb. Yarımstansiyalardakı müxtəlif gücə malik transformatorların əksəriyyəti daha güclü transformatorlarla əvəz edilib. Rayonu enerji ilə təchiz edən 110 kV-lik “Naftalan-Tərtər” və “Bərdə-Tərtər” hava xətləri təmirdən çıxarılıb. Eyni zamanda şəbəkənin balansında olan 35 kV-lik “Sarıcalı”, “Dəmirlər” və “İsmayılbəyli” hava xətlərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, təmir kampaniyası çərçivəsində rayon üzrə 10, 6 və 0,4 kV-lik hava xətlərində 100-ə yaxın dayaq dəyişdirilib, 220-ə yaxın dayaq düzləndirilib, 82,3 km-lik hissədə əsaslı təmir işi görülüb. Bütün bunlarla yanaşı il ərzində 150-ə yaxın transformator təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
Sonda onu da qeyd edək ki, tərtərli təmirçilər bu ilin yanvar-fevral aylarında da şəbəkənin dayanıqlılığını artırmaq üçün müvafiq tədbirlər görüblər.