AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Image

Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən biri - generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası”  dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında müəssisədə 118,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin iki ayı ərzində isə istehsal 250,1 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilər üzrə də müsbət nailiyyətlər əldə edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.

Mənbədən son üç ayda görülmüş təmir işləri barəsində əldə etdiyimiz digər bir məlumata görə, 14 generator aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmişdir. Eyni zamanda aqreqatlarla yanaşı əsas və köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü  300 MVt olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.   Bu enerji obyektinin digər stansiyalardan fərqi ondadır ki,  burada əsas yanacaq kimi qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir.