GƏNCƏ REŞ: TEXNİKİ İMKANLAR DAHA DA YAXŞILAŞDIRILIR

Image

"Gəncə Regional Elektrik Şəbəkəsi"nin (REŞ) xidməti ərazisində sistem əhəmiyyətli xeyli tədbirlər yerinə yetirilmişdir. Bu da enerjitəchizatı müəssisələrinə ötürülən elektrik enerjisinin keyfiyyət və dayanıqlığının daha da möhkəmləndirilməsi, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılması və ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir. Müəssisədən bu haqda “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verərkən bildirdilər ki, istehlakçıların daha da  keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində yüksək nailiyyətlər əldə edilib.

Mənbənin bildirdiyinə görə, son üç ay ərzində 330 kV-lik “Gəncə” yarımstansiyasında 2 saylı 250 MVA avtotransformatorun 110 kV-lik tərəfində portaldan sistem şinə düşən naqillər dəyişdirilmişdir. Eyni zamanda həmin bu stansiyanın 630 KVA xüsusi sərfiyyat transformatoru təmir olunmuş və 10 kV-lik ehtiyat qida mənbəyi çəkilmişdir. “Çıxlı” yarımstansiyasında isə 1 saylı 10 MVA və 2 saylı 16 MVA transformatorlar, onların 35 kV-lik giriş yağ açarları və eyni zamanda 35 kV-lik “Xramçay”, “Nasos” və “Vaqif” hava xətlərinin yağ açarları da təmir olunmuşdur.

Ümumilikdə sözügedən dövrdə 110 kV-lik 20-dən artıq yarımstansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumi gücü 360 MVA-dan artıq olan 19 transformator da təmir edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, sözügedən dövrdə 35 kV-lik “Vağzalyanı-1” yarımstansiyasında 6,3 və 4 MVA-lıq transformatorlar və onların yağ açarları, eyni gərginlikli I “Vağzalyanı” və II “Toxucu” HX-lərin yağ açarları, 6 kV-lik Dəmiryolu, II Şəhər HX-lərinin yağ açarları da təmir olunmuşdur. Analoji təmir işləri Quşçuluq yarımstansiyasında da həyata keçirilmişdir. Ümumiyyətlə, REŞ-in balans mənsubiyyətinə daxil olan 35 KV-lik  yarımstansiyalarda qrafik üzrə nəzərdə tutulmuş tədbirlər  yerinə yetirilmiş, qalan işlər isə  hazırda yüksək templə davam etdirilir. Belə ki, qeyd edilən yarımstansiyaların dayanıqlığının daha da artırılması məqsədilə yağ açarlarının yeniləri ilə əvəz edilməsi və təmiri,  yeni akkumulyator batareyalarının quraşdırılması istiqamətində lazımi tədbirlər icra edilir.  Həmin bu yarımstansiyalarda ümumi gücü 100 MVA-dan artıq olan 23 transformatorun təmiri görülmüş işlərin suyahısına daxildir.

Mənbəyə istinadən onu da qeyd edək ki, tezliklə yurdumuza bahar qədəm qoyacaq. Yaz fəsli ilə əlaqədər “Gəncə” REŞ-də bir sıra qabaqlayıcı tədbirlər yerinə yetirilib. Yaz aylarında sel daşqınları ilə əlaqədar bütün çay yataqlarının yaxınlığından keçən xətlərin dayaqları yoxlanılıb və təhlükə yarada biləcək dayaqların dibi bərkidilib.

Xatırladaq ki, müəssisə Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy elektrik şəbəkələrini əlaqələndirir.