MÜHƏNDİS-TEXNİKİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Image

Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.

“Naftalan” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, son üç ay ərzində 10 kV-lik I “Xanqərvənd”, “Şəfibəyli” HX-lərdə, Qaşaltı kəndində isə 0,4 kV-lik xəttdə həyata keçirilmiş işlər zamanı 1,2 km-ə yaxın hissə təmir olunmuş, əyilmiş dayaqlar düzləndirilmiş, sallanmış naqillərin qabaritləri bərpa olunmuş və trassa yaşıl kütlədən təmizlənmişdir. Bütün bunlarla yanaşı texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə transformatorların gücləri ilə yüklərinin uyğunluğuna baxış keçirilmişdir. Eyni zamanda üç TM-də müxtəlif təyinatlı təmi işi də həyata keçirilmişdir.

“Nəzarət qrupları və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 3 istehlakçının (bunun ikisi məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 12,7 min kilovatsaata yaxın (bunun 10 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin  760 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 30 faizinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə müəssisə üzrə 7 qayda pozuntusu (bunun dördü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar edilərək 23 min kilovatsaata yaxın (bunun 10,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin yanvar ayında müəssisənin xidmət ərazisində 1,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 332 min kilovatsaata yaxın olmuşdur.