GÖRÜLƏN TƏDBIRLƏR KEYFIYYƏTƏ TƏMINATDIR
Keçən ili şəbəkənin tarixində daha böyük və əhəmiyyətli işlərin görüldüyü dövr hesab etmək mümkündür. Belə ki, yeni alınmış transformatordan biri, Sumqayıt şəhərinin təxminən əlli faizini elektrik enerjisi ilə təmin edən, şəbəkənin inzibati binasının yerləşdiyi ərazidəki 135 saylı yarımstansiyada quraşdırılıb. 2 transformator isə şəhərin sənaye hissəsinin qidalanmasında xüsusi rolu olan “Kimyaçılar” yarımstansiyasında qoyulub. Burada 40 və 60 MVA-lıqların hər biri 80 MVA-lıq transformatorla dəyişdirilib. Daha bir 16 MVA-lıq transformator isə “Sitalçay” yarımstansiyasında quraşdırılıb.
“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndən (YGEŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda o da bildirilir ki, yarımstansiyalarda akkumulyator batareyalarının dəyişdirilməsi prosesi də davam etdirilib. Bu məqsədlə Polşa istehsalı olan 5 dəst akkumulyator gətirilib. Bunlar 135 saylı, “Sitalçay”, “Kimyaçılar”, 83 saylı və “Ceyranbatan” yarımstansiyalarında quraşdırılıb. Həmçinin, akkumulyatoru qidalandıran müasir tipli düzləndirici qurğuların da quraşdırılması təmin olunub.
Qeyd edək ki, sistem əhəmiyyətli olması ilə seçilən, o cümlədən şəhərin elektrik enerjisi təchizatında müstəsna yeri olan “Sənaye qovşağı” yarımstansiyasında 2 ədəd 220 kilovoltluq yağ açarı “Siemens” və ABB şirkətlərinin müasir tipli eleqaz açarları ilə əvəz olunub. 110 kV-lik hissədə olan 11 ədəd yağ açarı da eleqaz açarlarla dəyişdirilib. Eyni zamanda “135 saylı” yarımstansiyada olan və şəhərin paylayıcı şəbəkəsinə yönəldilən 6 kV-lik qapalı paylayıcı quruluşda da işlər yekunlaşıb. Həmin quruluşdan çıxaraq şəhərə istiqamətlənən kabellərin təxminən 30 faizi tam müasirləri ilə əvəz olunub. Bu da dayanıqlığın artmasına şərait yaradıb. Şəhərin digər bir hissəsini qidalandıran “Sumqayıt-2” yarımstansiyasından çıxan təxminən 400 metr kabel kanalları tam yeniləşdirilib.
Yeri gəlmişkən, Abşeron ərazisində yerləşən “83 saylı” yarımstansiyanın da dayanıqlığını artırmaq üçün orada üçüncü transformatorun quraşdırılması təmin olunub.