KOLLEKTİV MƏSULİYYƏTLƏ ÇALIŞIR

Image

Respublikamızın şimal bölgəsinin elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması məqsədilə qurulmuş yeni generasiya güclərindən olan  “Xaçmaz Elektrik Stansiyası”nda fəaliyyət göstərdiyi 6 il müddətində, dispetçer qrafikinə uyğun olaraq,  2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal­ edilib. Bu müddətdə kollektiv üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, böyük məsuliyyətlə çalışıb.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin əvvəlindən nəzərdə tutulan texniki-istismar işlərinin normal şəkildə görülməsi nəticəsində bütün texniki iqtisadi göstəricilər qənaətbəxşdir.

Qeyd edək ki, müəssisədə cari ilin fevral ayında 25,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, 2013-cü ilin iki ayı ərzində  isə elektrik enerjisinin istehsalı 55,1 milyon kilovatsaata yaxın olmuşdur.

Mənbəyə istinadən qeyd edək ki, artıq 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib olunmuş tədbirlər planının da icrasına başlanılıb. Mü­hərriklərdə, generatorlarda, hava kompressorlarında texniki xidmət işləri təlimata uyğun aparılır, aqreqatların texniki-iqtisadi gös­təricilərinin aşağı düşməsinə qar­şı tədbirlər görülür, mühərriklərdə zəruri təftiş işləri həyata keçirilir, aşkar olunan qüsurlar aradan qaldırılır. Nəzərdə tutlan tədbirlər çərçivəsində 110 kilovoltluq 25 MVA-lıq transformatorların təftişi, 0,4 və 11 kV-lik şinlərin yuvalarının açılıb təmizlənməsi, avadanlıq­ların, qurğu və konstruksiyaların torpaqlama konturlarının texniki vəziyyətinin yoxlanılması da planlaşdırılır. Həmçinin əks-qəza məşqlərinin keçirilməsi, yanğınsöndürmə, su sistemində nasosların təftiş edilməsi də nəzərdə tutulur.